Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti maarifləndirici tədbir Azərbaycan Tibb Universitetində baş tutub. Tədbirdə universitetin müxəlif fakültələrindən olan tələbələr iştirak ediblər. Tədbiri universitetin Il Müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli açaraq bu kimi təşəbbüslərin gənclərin məlumatlandırılması baxımından əhəmiyyatini vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə Heyətinin sədri Yeganə Abbasova beyin ölümü anlayışı ilə bağlı təqdimatla çıxış edib. Y. Abbasova qeyd edib ki, beyin ölümü diaqnozu təsdiqləndikdən sonra müəyyən gözləmə müddətləri nəzərdə tutulur: "Əgər pasiyent uşaqdırsa, 24 saat gözlənilməlidir; böyüklərdə bu müddət 12 saatdır. Əgər beyin zədələnməsi ikinci dərəcəlidirsə, 24 saat gözlənilir, çünki müəyyən dəyişikliklər mümkündür."
Daha sonra çıxış edən cərrah-transplantoloq, Səhiyyə Nazirliyinin transplantasiya üzrə mütəxəssis eksperti Mircəlal Kazımi orqan donorluğunun vacibliyinə diqqət çəkib və bu prosesin həm tibbi, həm də insani baxımdan əhəmiyyətini vurğulayıb:
"Bəzən ehtiyacımız olmayan əşyaları başqasına veririk, çünki onların daha çox ehtiyacı olur. Eləcə də orqanlarımız - biz bu dünyanı tərk etdikdən sonra onlara artıq ehtiyacımız qalmır. Gəlin bu orqanları ehtiyacı olanlara bağışlayaq. Heç kim təminat verə bilməz ki, gələcəkdə biz orqan çatışmazlığı ilə üzləşməyəcəyik."
Tədbirde çıxış edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva donor olmaq üçün esas meyarlar, dünya ölkələrinin bu sahədəki təcrübələri və transplantasiya nəticəsinde insanların həyatında baş verən dəyişikliklər barədə ətraflı məlumat verib.
Tədbir tələbələrin sualları ilə davam edib. Ardınca ölümündən sonra orqanlarını bağışlamaq istəyən tələbələr rəsmi razılıq ərizəsini imzalayıblar.